Təməli sevgi ilə qoyulmuş, Murtuza Muxtarovun hər bir şəxsdə xoş təəssüratlar yaradan bu sarayında rəsmi tədbirlər, konfranslar və təqdimatlarınızı rahatlıqla keçirə biləcəyiniz, zövqünüz və tədbirinizə uyğun zallar mövcuddur. Vaxt ötür, amma məhəbbət salnaməsinin davamı olaraq Səadət Sarayı uzun illər boyu təntənəli nikah mərasimlərinin keçirildiyi əsas məkan kimi öz şöhrətini saxlayır.
Bina yenidən planlaşdırılmış və təmir-bərpa işlərindən sonra təyinatına görə iki hissəyə ayrılmışdır. Birinci hissə rəsmi qəbullar və işgüzar görüşlərin keçirilməsi, ikinci hissə isə nikah mərasimlərinin təşkili üçün nəzərdə tutulur. Binada geniş zallarla yanaşı, üstüaçıq terras da mövcuddur. İnteryeri klassik üslubda işlənilmiş təntənəli mərasim, rokoko üslublu qəbul və gözləmə zalları, qəbul zamanı elektron və texniki xidmətin göstərilməsi üçün otaqlar da Səadət Sarayının funksionallığını artıran yeniliklər sırasındadır.
Bununla yanaşı, qotik və rokoko üslublarında işlənilmiş görüş məkanı, rəsmi danışıqların aparılması üçün geniş zallar və digər yardımçı otaqlar da qonaqların zövqünü oxşayır. Sarayda konfransların və rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan ekzotik gözəlliyi ilə seçilən, tavanı şüşə ilə işlənilmiş işıqlı geniş zal fəaliyyət göstərir.
Beləliklə, yüksək zövqlə və bütün parametrlər nəzərə alınaraq aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Bakının daha bir memarlıq abidəsinə yeni həyat verilmiş, Səadət Sarayının əvvəlki şöhrəti daha da artmışdır.