Tarix

Məhəbbətin təməli - Səadət Sarayı

Bakının romantik simvollarından biri olan, təməli sevgi və məhəbbətlə qurulmuş Səadət Sarayı Azərbaycanın vətənpərvər oğlu, tanınmış xeyriyyəçi, daim yaratmağa və yeniliyə can atan Murtuza Muxtarovun inşa etdirdiyi memarlıq əsəridir. Ağa Murtuzanın ömür yolu kimi, məhəbbəti də kəşməkeşli, qeyri-adi olub. O, tez-tez Rusiyanın müxtəlif quberniyalarına səfər edir, işgüzar müqavilələr bağlayırdı. Belə səfərlərin birində Murtuza Muxtarov Vladiqafqazda məşhur general Hambi Tuqanovla tanış olur. General, Muxtarovu öz evinə qonaq dəvət edir və bu dəvət Murtuza Muxtarovun həyatında böyük iz buraxır. Qonaqlıqda Muxtarov generalın gözəl qızı Liza xanımı görür və ilk görüşdən ona aşiq olur. Liza xanım da ona vurulmuşdu. Qafqazda o zamanlar sevgi, məhəbbət həmişə şərəf məsələsi sayılırdı. Aralarında yaş fərqi çox olduğundan general əvvəl bu evliliyə etiraz edir. Lakin Ağa Murtuzanın mədəni davranışı və sadiqliyi generalı bu izdivaca razı salır. Murtuza Muxtarovun elçilik və toy mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçir. Gəlini gümüş işləməli faytonda, həm də başdan-ayağa bəyaz geyinmiş ağ atlı fəxri süvari dəstəsinin müşayiəti ilə gətirmişdilər. Toydan sonra cütlük Avropaya səyahətə çıxır. Onlar səyahət zamanı gəzdikləri şəhərlərin memarlıq abidələrinin arxitekturasına valeh olurlar. Binalardakı tağları, sütunları, qüllələri, bütün detalları xüsusi diqqət ilə seyr edirlər. Qədim küçələrin birində yerləşən əzəmətli sarayın yanından keçərkən: “Kaş ki, burada yaşayardıq...” - deyən Liza heyranlığını Murtuza ilə bölüşür. Bu sözlər Ağa Murtuzanın yaddaşına həkk olunur. Milyonçu Avropaya mütəxəssis göndərib həmin binanın dəqiq surətini əks etdirən layihəni əldə edir. Sonra isə ən tanınmış memara - polşalı İosif Ploşkoya müraciət edir. Nəticədə mürəkkəb fransız qotik üslubunda nəhəng saray cəmi bir il ərzində (1911-1912) inşa edilir.Bir gün Ağa Murtuza gəzinti adı ilə Liza xanımı faytonla binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın bu binanın ona bağışlandığını eşidincə sevincinin həddi–hüdudu olmur. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər firəvan həyat sürür... Bina 1911-1912-ci illərin tarixi abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir.