Murtuza Muxtarov
Murtuza Muxtarov (1865-1920) Bakı yaxınlığındakı qədim Xilə - indiki Əmircan qəsəbəsində anadan olmuşdur. Məşhur Azərbaycan milyonçusu, xeyriyyəçisi, Azərbaycan neft sənayesinin görkəmli nümayəndəsi idi. O, neft sənayesində podratla qazma işinin xeyli hissəsini öz əlində cəmləşdirmiş sahibkar kimi tanınırdı. Muxtarov geniş xeyriyyəçilik fəaliyyəti göstərmiş, ictimai binaların, məktəblərin inşasına heç zaman vəsaitini əsirgəməmişdir. Murtuza Muxtarov Bakı real məktəbinin, Temirxan-Şura qadın gimnaziyasının təsisçisi, "Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması" cəmiyyətinin fəxri üzvü kimi də fəaliyyət göstərirdi. O həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü, ali və orta ixtisas məktəblərinin tələbələri üçün qırx təqaüdün təsisçisi idi. Xalqın gələcəyini yalnız və yalnız maariflənmədə görmüş uzaqgörən şəxsiyyət olub. Murtuza Muxtarov Qərbi Avropa mədəniyyətinin pərəstişkarı olaraq, cəmiyyətdə xurafata qarşı mübarizə aparırdı. Bu məqsədlə Bakıda "Tərəqqi" qəzeti nəşr etdirmiş və məktəblər tikdirmişdir. O, xeyirxah və mehriban bir insan, ciddi sahibkar kimi tanınırdı.Yaşadıqları zamanda ölkədəki neft sənayesinin inkişafı ilə meydana çıxan milyonçular qədim şəhərin əsl “memar”ları oldular. O zaman inşa olunan binalar bu gün də paytaxtın sənət inciləri kimi öz gözəlliyini qoruyub saxlayır. El yaddaşında xatirəsi yaşayan bu şəxsiyyətlərin arasında həyat və fəaliyyət tarixçəsi bədii film süjetinə çevriləcək qədər maraqlı olan romantik təbiətli, xeyriyyəçi Muxtarovun öz yeri var.O zamankı milyonçular, əsasən, ən aşağı təbəqədən olan insanlar arasından çıxıblar. Karyeralarının əvvəlində onlar mədənlərdə fəhlə, usta köməkçisi, yaxud usta olublar. Murtuza Muxtarov da belə bir yol keçib - fəhləlikdən neft maqnatlığına aparan həyat yolu...Muxtarov neft sənayesində qazandığı nailiyyətləri ilə bərabər, həmçinin digər sahələrdə göstərdiyi təşəbbüslərində də böyük uğur qazanmışdır. Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində hal-hazıradək hifz olunub qalmış bir çox binalar onun adı ilə bağlıdır. 1908-ci ildə Vladiqafqazda öz vəsaiti ilə bir çox parametrlərinə görə nadir memarlıq nümunəsi olan məscid inşa etdirir. Bu məscid indi də Şimali Qafqazın ən nəhəng məscidlərindən sayılır. 1910-cu ildə isə Əmircan kəndində tikdirdiyi məscid binası da öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır.Muxtarov, demək olar ki, Bakının bütün xeyriyyə cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak etmiş, idarə heyətlərinin üzvü olmuş, mətbuata, maarif və mədəniyyətə, incəsənət xadimlərinə qayğı ilə yanaşmış, maddi və mənəvi yardım göstərmişdir.