Liza Tuqanova
Murtuza Muxtarovun həyat yoldaşı, əslən osetin zadəganlarından olan Liza xanım Muxtarova (Tuqanova) Vladiqafqazda doğulub böyümüşdü. Onun valideynləri ən hörmətli aristokrat nəslinə mənsub idilər. Bir-birinə qarşı sevgi, məhəbbət, hörmət hissləri olan bu cütlüyün övladları olmasa da, bir çox uşaqlara qəyyumluq etmiş, oxudub savad vermişdilər.Liza xanım Muxtarova bu binada Xeyriyyə Cəmiyyətini yaradır və bu cəmiyyətə o zamanların ən mütərəqqi xanımları üzv olur. O, 1913-cü ildə təşkil olunmuş "Uşaq xəstəxanası" xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biri idi və Bakıda xüsusi uşaq xəstəxanasının yaradılmasına yardım edirdi. Onun maarifçilik və tərbiyəçilik fəaliyyəti daha geniş idi. Öz övladı olmayan bu xanım ailəsinə məxsus zəngin sarayda pansion təşkil etmişdi ki, burada kasıb ailələrdən olan uşaqlar tərbiyə olunurdular. "Murtuza Muxtarov" səhmdar cəmiyyətinin idarə heyəti üzvü olan Liza xanım Muxtarova kasıb ailələrdən olan müsəlman qızlarına təhsil almaqda yardım göstərir, böyük maarifçilik işi aparır, çox sayda xeyriyyə məclisləri, naharlar keçirirdi. Xeyriyyə məclislərində toplanan vəsait kasıb və yetim uşaqların ehtiyacına sərf olunurdu.