Tarix

Memar İosif Ploşko

XIX əsrin ikinci yarısından başlayaraq Bakıda Avropa memarları tikir və yaradırdılar. Onların arasında istedadlı polşalı memar İosif Ploşko da var idi. Böyük istedad və nəhəng əməksevərliyi sayəsində Ploşko özünü çox parlaq bir şəkildə tanıtdı və gözəl memarlıq əsərləri ilə Bakını fəth etdi. Gənc Ploşko şəhərin memarlıq-inşaat həyatı ilə yaxından tanış olmuş, yerli tikinti materiallarını, əsas etibarilə, gözəl bədii keyfiyyətləri olan əhəngdaşını öyrənmiş, sonralar isə öz tikililərində ondan məharətlə istifadə etmişdi.Ploşkonun memarlıq əsərlərinin üslubu da zəngin idi: Avropa klassikası, yüksək səviyyəli venesiya və fransız qotikası, xüsusilə də əsrin əvvəlində dəbdə olan modern üslubu.İosif Ploşkonun Bakının arxitekturasına verdiyi töhfə həqiqətən də çox önəmlidir. Məşhur memarın sənət əsərlərindən olan “İsmayilliyə” binası (hazırda Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatı burada yerləşir), “Fenomen” kinoteatrı (hazırda Azərbaycan Dövlət Kukla Teatrı burada fəaliyyət göstərir), yaşayış evləri və binalar, ictimai, mülki, dini tikililər şəhərimizin sakinlərinin və qonaqlarımızın gözünü oxşayır. Ploşko özünün daha bir böyük sifarişini Bakı milyonçusu Murtuza Muxtarovdan almışdı. Xanımının arzularını gerçəkləşdirmək üçün milyonçu sarayın layihələndirilməsini məhz İosif Ploşkoya həvalə etmişdi.